Xəbərlər və mətbuat
«Caspian Lubricants Recycling»: layihəmiz, baza yağları və bitum
© «Report İnformasiya Agentliyi» MMC
07 Avqust, 2025
«Report.Az»-a müsahibəsində Azərbaycan-Bolqarıstan birgə müəssisəsi «Caspian Lubricants Recycling» şirkətinin baş direktoru Kalin Runtev layihə haqqında ətraflı məlumat verib.
«Əgər zavodun işə salınması planlaşdırıldığı kimi bu ilin noyabr-dekabr aylarında baş tutarsa, növbəti mərhələdə «yaşıl enerjinin» istehsalını təmin edəcək, sonra isə «yaşıl hidrogen» istehsalına başlayacağıq. Bu enerji növü yanacaq kimi və ikinci qrup baza yağlarının istehsalı üçün xammal kimi istifadə olunacaq».
Kalin Runtevin sözlərinə görə, birinci mərhələdə «Caspian Lubricants Recycling» ildə 24 min tona qədər işlənmiş yağı – Bazel Konvensiyasının təsnifatına görə təhlükəli tullantıları emal etməyi planlaşdırır.
«Əsas məhsul əvvəllər Azərbaycanda istehsal olunmayan birinci qrup baza yağıdır. Zavod Xəzər regionunda COP29 sammitinə hazırlıq çərçivəsində qəbul edilmiş ekoloji standartlara uyğun ilk müəssisə olacaq. Emal edilmiş tullantılardan 18 min tona qədər yağ və 2-3 min ton bitum (yol, izolyasiya, asfalt) istehsalı planlaşdırılır».
Onun sözlərinə görə, Azərbaycan ildə 40 min tondan çox baza yağı istehlak edir: «Bu, çox maraqlı bazardır və biz həcmin ən azı yarısını daxili bazarda satmağı, eləcə də bu məhsulu Bolqarıstan, Rumıniya, Ukraynaya ixrac etməyi planlaşdırırıq, bununla bağlı artıq ilkin razılaşmalar əldə olunub. Türkiyə də ildə 450 min tondan çox yağ istehlak edən nəhəng bazar hesab olunur».
Layihə Azərbaycan və Bolqarıstanın dövlət başçıları səviyyəsində strateji dəstək alıb. «Caspian Lubricants Recycling» Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentidir ki, bu da zəruri infrastruktura, kommunikasiyalara, məsləhətləşmələrə və güzəştli maliyyə mexanizmlərinə çıxış təmin edir.
«Azərbaycan yüksək həyat səviyyəsinin və sərmayə dəstəyinin olduğu sabitlik vahəsidir. Əhali ekoloji məsuliyyətin vacibliyini anlayır. Layihənin strateji layihə kimi tanınması onun uğurla həyata keçiriləcəyinə inamımızı gücləndirir».
İstinad: «Report İnformasiya Agentliyi» MMC, Avqust 2025. https://report.az/energetika/sumqayitda-yasil-hidrogen-istehsali-planlasdirilir/. 08 Avqust 2025-ci il tarixində alındı.









